al-Waqi`ah (الوَاقِعَة)

Vasim M. and Ziya B. - Vasim M. and Ziya B.

Chapter 56 • 96 verses • Meccan

← Previous Chapter Next Chapter →
56:1 Qiyamət vaqe olacağı (qopacağı) vaxt
56:2 Onun vaqe olmasını heç kəs təkzib edə (dana) bilməz!
56:3 O (kimini) alçaldacaq, (kimini də) ucaldacaqdır.
56:4 Yer hərəkətə gəlib şiddətlə titrədiyi,
56:5 Dağlar parça-parça olub ovxalandığı
56:6 Və toz kimi səpələndiyi zaman
56:7 Siz (ey insanlar!) üç zümrəyə ayrılacaqsınız:
56:8 Sağ tərəf sahibləri (əməl dətərləri sağ əllərinə verilənlər). Kimdir o sağ tərəf sahibləri? (Nə uğurludur onlar!)
56:9 Sol tərəf sahibləri (əməl dətərləri sol əllərinə verilənlər). Kimdir o sol tərəf sahibləri? (Nə uğursuzdur onlar!)
56:10 Və öndə olanlar. Onlar (dünyada Allah yolunda, imanda, əməldə, xeyirdə öndə olduqları kimi, axirətdə də) öndədirlər! (Nə xoşbəxtdir onlar!)
56:11 Onlar (Allah dərgahına, Allahın lütfünə) yaxınlaşdırılmış kimsələrdir.
56:12 Onlar Nəim cənnətlərində olacaqlar.
56:13 (Öndə olanların) çoxu əvvəlkilərdən (keçmiş peyğəmbərlərin ümmətlərindən),
56:14 Biz azı da axırıncılardandır (Muhəmməd əleyhissəlamın ümmətindəndir).
56:15 (Onlar qızıl-gümüş, lə’l-cavahiratla) bəzənmiş taxtlar üstündə qərar tutacaq,
56:16 Onlara (o taxtlara) söykənib bir-biri ilə qarşı-qarşıya əyləşəcəklər.
56:17 Onların dövrəsində həmişəcavan xidmətçi oğlanlar dolanacaqlar;
56:18 (Cənnət bulağından axan) məin (şərab) dolu piyalələr, kuzələr və qədəhlərlə.
56:19 (Dünyadakı şərabdan fərqli olaraq) ondan başları ağrımaz və keflənməzlər.
56:20 (O cavan xidmətçilər Cənnətdə olanların) bəyənib seçdikləri meyvələr
56:21 Və istədikləri hər cür quş əti ilə (onların dövrəsində fırlanacaqlar).
56:22 (Onlar üçün orada) iri (ahu) gözlü, qəşəng hurilər də vardır.
56:23 (O hurilər rəng və gözəllikcə) sanki sədəf içində gizlənmiş (qorunub-saxlanmış) incidirlər.
56:24 Onlar (bu ne’mətlərə dünyada) etdikləri (yaxşı) əməllər müqabilində nail olacaqlar.
56:25 Onlar orada (Cənnətdə) nə boş söz, nə də günaha bais olan bir şey eşidəcəklər.
56:26 Eşitdikləri söz ancaq “salam” olacaqdır.
56:27 Sağ tərəf sahibləri! (Əməl dəftərləri sağ əllərində olanlar!) Kimdir o sağ tərəf sahibləri?
56:28 (Onlar) tikansız sidr ağacları,
56:29 Salxım-salxım sallanmış möüz (banan) ağacları altında;
56:30 Çəkilməyən (daimi) kölgəliklərdə;
56:31 Axar su kənarında;
56:32 Bol meyvələr –
56:33 Tükənməz və qadağan edilməyən (meyvələr) içində
56:34 Və (bir-birinin üstünə yığılmış) hündür döşəklər üstündə (yaxud yüksək əxlaq və qeyri-adi gözəllik sahibi olan qadınlar yanında) olacaqlar!
56:35 Şübhəsiz ki, Biz onları (huriləri) başqa cür (yeni bir yaradılışla, doğulmadan) yaradacağıq!
56:36 Onları bakirə qızlar,
56:37 Ərlərini sevən, həmyaşıdlar edəcəyik.
56:38 Sağ tərəf sahibləri (əməl dəftəri sağ əllərinə verilənlər) üçündür onlar!
56:39 (Onların) bir çoxu əvvəlkilərdən (keçmiş peyğəmbərlərin ümmətlərindən),
56:40 Bir çoxu da axırıncılardandır (bu ümmətdəndir).
56:41 Sol tərəf sahibləri! (Əməl dəftərləri sol əllərinə verilənlər!) Kimdir o sol tərəf sahibləri?
56:42 (Onlar) səmum yeli (qızmar atəş) və qaynar su içində,
56:43 Qapqara duman kölgəsində olacaqlar!
56:44 (O kölgə başqa kölgələrdən fərqli olaraq) nə sərin, nə də xoşagələndir.
56:45 Onlar bundan əvvəl (dünyada) naz-ne’mət içində idilər.
56:46 Özləri də böyük günah içində (Allaha şərik qoşmaqla) israr edib dururdular.
56:47 Və belə deyirdilər: “Əcaba, biz öldükdən, toz-torpaq və sür-sümük olduqdan sonra, həqiqətən, yenidən dirildiləcəyikmi?!
56:48 Yaxud bizdən əvvəl gəlib-getmiş atalarımız da dirildiləcəklərmi?!”
56:49 (Ya Peyğəmbər!) De: “(Sizdən) əvvəlkilər də, sonrakılar da,
56:50 Mə’lum bir günün (qiyamət gününün) müəyyən bir vaxtında mütləq (məhşərə) cəm ediləcəklər.
56:51 Sonra, siz ey (haqq) yoldan azanlar, (haqqı) dananlar!
56:52 Şübhəsiz ki, zəqqum ağacından (onun meyvəsindən) yeyəcəksiniz,
56:53 Qarınlarınızı onunla dolduracaqsınız.
56:54 Üstündən də (sizə bərk yanğı gəldiyi üçün) qaynar su içəcəksiniz.
56:55 Özü də onu susuzluq xəstəliyinə tutulmuş (dəvə) kimi içəcəksiniz.
56:56 Bu onların haqq-hesab günündəki ziyafətidir.
56:57 (Ey kafirlər!) Biz sizi (yoxdan) yaratdıq. Məgər (qiyamət günü yenidən dirildiləcəyinizi) təsdiq etməzmisiniz?
56:58 Bəs (bətnlərə) axıtdığınız nütfəyə nə deyirsiniz?
56:59 Ondan (insan) yaradan sizsiniz, yoxsa Biz?!
56:60 Sizin aranızda ölüm (kimin nə vaxt öləcəyini) əvvəlcədən Biz müəyyən etdik. Və Biz əsla aciz (önünə keçilməsi mümkün olan) deyilik,
56:61 (Sizi yox edib) yerinizə sizin kimiləri gətirməkdən (sizi başqaları ilə əvəz etməkdən) və sizi özünüz də bilmədiyiniz başqa bir şəkildə yaratmaqdan!
56:62 And olsun ki, siz ilk yaradılış (dünyaya necə gəldiyinizi) bilirsiniz. Elə isə (sizi yenidən diriltməyə qadir olduğumuz barədə) heç düşünmürsünüz?!
56:63 Bəs əkdiyiniz (toxuma) nə deyirsiniz?
56:64 Onu bitirən sizsiniz, yoxsa Biz?!
56:65 Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də mat-məətəl qalıb:
56:66 “Biz ziyana uğramış,
56:67 Bəlkə, (hələ ruzidən də) məhrum olmuş kimsələrik!” (deyərdiniz).
56:68 Bəs içdiyiniz suya nə deyirsiniz?
56:69 Onu buluddan endirən sizsiniz, yoxsa Biz?!
56:70 Əgər istəsəydik, onu acı (bir su) edərdik. Elə isə niyə (Allahın ne’mətlərinə) şükür etmirsiniz?
56:71 Bəs (yaş ağacdan) yandırdığınız oda nə deyirsiniz?
56:72 Onun ağacını yaradan sizsiniz, yoxsa Biz?
56:73 Biz onu (sizi cəhənnəm odu ilə qorxutmaqdan ötrü) ibrət dərsi və səhrada olan müsafirlərin faydalanması üçün yaratdıq.
56:74 Belə olduqda (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını müqəddəs tutub zikr et!
56:75 Ulduzların (bürclərdəki) mənzillərinə (yaxud doğub-batdığı yerlərə) and olsun ki –
56:76 Kaş bunun nə qədər böyük bir and olduğunu biləydiniz –
56:77 (Sizə oxunan) bu (kəlam) çox qiymətli Qur’andır.
56:78 (O, Allah dərgahında) qorunub saxlanılan bir Kitabdadır (lövhi-məhfuzdadır, yaxud lülələnib bükülmüş kağızlardadır).
56:79 Ona yalnız pak olanlar toxuna bilər!
56:80 (O) Aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
56:81 İndi siz bu kəlamı yalan sayırsınız? (Bu sözümə məhəl qoymursunuz?)
56:82 Ruzinizə şükür etməli olduğunuz halda, onu yalanmı hesab edirsiniz?
56:83 (Can) boğaza yetişdiyi (ölüm gəlib çatdığı) zaman
56:84 Siz (ona) baxıb durursunuz (əlinizdən heç bir şey gəlmir).
56:85 Biz ona sizdən daha yaxınıq, amma siz (bunu) görmürsünüz!
56:86 Əgər sizdən (dediyiniz kimi, qiyamət günü əməllərinizə görə) haqq-hesab çəkilməyəcəksə,
56:87 Və əgər (“öləndən sonra heç bir dirilmə, haqq-hesab yoxdur” sözünü) doğru deyirsinizsə, bəlkə, (o çıxan canı) geri (bədənə) qaytarasınız?!
56:88 Amma əgər (ölən kimsə Allah dərgahına, Allahın lütf və mərhəmətinə) yaxın olanlardandırsa,
56:89 (Onu) rəhmət, gözəl ruzi (yaxud xoş ətirli çiçəklər) və Nəim cənnəti gözləyir!
56:90 Əgər o, sağ tərəf sahiblərindəndirsə (əməl dəftəri sağ əlinə verilənlərdəndirsə),
56:91 (Ona özü kimi olan yoldaşlarının dili ilə: ) “Sağ tərəf sahiblərindən sənə salam olsun!” (deyiləcəkdir).
56:92 Əgər (ölən kimsə Allahın ayələrini, mö’cüzələrini) yalan sayanlardan və yoldan azanlardandırsa,
56:93 (Ona) qaynar su ziyafəti veriləcək
56:94 Və özü də Cəhənnəmə atılacaqdır.
56:95 Şübhəsiz ki, bu, təkzibolunmaz həqiqətdir!
56:96 Elə isə (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını təsbih (müqəddəs turub zikr) et! (Və ya: Sən Rəbbini o böyük adı ilə təsbih et!)