al-Mursalat (المُرْسَلَات)

Vasim M. and Ziya B. - Vasim M. and Ziya B.

Chapter 77 • 50 verses • Meccan

← Previous Chapter Next Chapter →
77:1 And olsun bir-birinin ardınca göndərilənlərə (mələklərə, peyğəmbərlərə, yaxud küləklərə);
77:2 And olsun şiddətlə əsənlərə (və ya yel kimi tez gedənlərə);
77:3 And olsun (Allahın ayələrini, kitablarını və əmrlərini) yayanlara;
77:4 And olsun (haqla batili) ayıranlara;
77:5 And olsun vəhyi (peyğəmbərlərə) çatdıranlara-
77:6 (Mö’minlər tövbə edib) üzr diləmək və ya (kafirləri) qorxutmaq üçün (olan vəhyi çatdıranlara) ki,
77:7 Sizə və’d edilən (qiyamət) mütləq vaqe olacaqdır!
77:8 Ulduzlar sönəcəyi;
77:9 Göy yarılacağı;
77:10 Dağlar parça-parça olub dağılacağı (toz kimi havada uçacağı);
77:11 Peyğəmbərlərə (öz ümmətlərinə şahidlik etmək üçün bir qədər) möhlət veriləcəyi zaman,
77:12 (Belə soruşulacaqdır: ) “(Bunlara) hansı günə qədər möhlət verilmişdir?”
77:13 (Həmin suala cavab olaraq deyiləcəkdir: ) “(Haqla batili) ayırd ediləcəyi günə qədər!”
77:14 Nə bilirsən (haradan bilirsən) ki, nədir o ayırd etmə günü?!
77:15 O gün vay halına (qiyaməti) yalan sayanların!
77:16 Məgər Biz əvvəlkiləri (keçmiş kafir ümmətləri) məhv etmədikmi?!
77:17 Sonra axırda gələnləri (Məkkə müşriklərini) də onlara qatacağıq.
77:18 Biz günahkarlarla belə rəftar edirik.
77:19 O gün vay halına (qiyaməti) yalan sayanların!
77:20 Məgər sizi bir qətrə zəif (dəyərsiz) sudan (nütfədən) yaratmadıqmı?!
77:21 Biz onu möhkəm bir yerdə (ana bətnində) saxladıq,
77:22 Müəyyən bir vaxta qədər.
77:23 Biz (nütfədən insan yaratmağa) qadir olduq. Nə gözəl qadir olanlarıq Biz!
77:24 O gün vay halına (qiyaməti) yalan sayanların!
77:25 Məgər Biz yeri məskən etmədikmi
77:26 Həm dirilərə, həm də ölülərə?! (Yerin altında ölülər yatar, üstündə dirilər gəzib-dolanar).
77:27 Biz orada möhkəm durmuş uca dağlar yaratdıq və sizə şirin su içirtdik.
77:28 O gün vay halına (bu ne’mətləri) yalan sayanların!
77:29 (O gün kafirlərə belə deyiləcəkdir: ) “Girin (dünyada) yalan hesab etdiyiniz (cəhənnəm əzabının) içinə!
77:30 Girin (cəhənnəm tüstüsünün) üç qola ayrılmış kölgəsinə!”
77:31 O (sizə) nə kölgəlik olar, nə də (sizi) alovdan qoruyar.
77:32 O (hər biri) bir saray boyda qığılcımlar saçar.
77:33 O (qığılcımlar), sanki sarı dəvə sürükləridir.
77:34 O gün vay halına (qiyaməti) yalan sayanların!
77:35 Bu elə bir gündür ki, (qiyaməti yalan sayanlar) danışa bilməzlər.
77:36 Onlara üzr istəməyə izin də verilməz.
77:37 O gün vay halına (qiyaməti) yalan sayanların!
77:38 Bu sizi də, (sizdən) əvvəlkiləri də bir yerə topladığımız (haqla batili) ayırd etmə günüdür!
77:39 (Dünyada etdiyiniz kimi, bu günün əzabından qurtarmaq üçün) bir hiyləniz varsa, Mənə qarşı qurun görək!
77:40 O gün vay halına (qiyaməti) yalan sayanların!
77:41 Həqiqətən, (o gün) müttəqilər kölgəliklərdə və çeşmələr başında,
77:42 İstədikləri meyvə içində olacaqlar!
77:43 (Onlara belə deyiləcəkdir: ) “(Dünyada) etdiyiniz (yaxşı) əməllərə görə nuşcanlıqla yeyin-için!
77:44 Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!”
77:45 O gün vay halına (qiyaməti) yalan sayanların!
77:46 (Siz ey kafirlər!) Yeyin və (dünyada) bir az kef çəkin. Həqiqətən, siz günahkarlarsınız! (Axirətdə qismətiniz Cəhənnəmdir!)
77:47 O gün vay halına (qiyaməti) yalan sayanların!
77:48 Onlara: “Namaz qılın!” – deyildiyi zaman namaz qılmazlar!
77:49 O gün vay halına (qiyaməti) yalan sayanların!
77:50 (Bu kafirlər) ona da (Qur’ana da) inanmayandan sonra daha hansı kəlama inanacaqlar?!