an-Naba` (النَّبَأ)

Vasim M. and Ziya B. - Vasim M. and Ziya B.

Chapter 78 • 40 verses • Meccan

← Previous Chapter Next Chapter →
78:1 (Bu müşriklər) bir-birindən nə haqqında soruşurlar?
78:2 Böyük bir xəbər (qiyamət günü) haqqında!
78:3 Elə bir xəbər ki, onun barəsində ixtilafdadırlar.
78:4 Xeyr, onlar (qiyamətin haqq olduğunu) mütləq biləcəklər!
78:5 Bir də (deyirəm) xeyr, onlar (qiyamətin haqq olduğunu) mütləq biləcəklər!
78:6 Məgər Biz yeri döşək etmədikmi?!
78:7 Dağları da dirək?!
78:8 Biz sizləri (erkək və dişi olmaqla) cüt-cüt yaratdıq.
78:9 Yuxunuzu da istirahət etdik.
78:10 Biz gecəni (hər şeyi bürüyən) örtük etdik.
78:11 Gündüzü isə dolanışlıq (ruzi qazanmaq) vaxtı etdik.
78:12 Üstünüzdə yeddi (qat) möhkəm (göy) qurduq.
78:13 Sizin üçün çox parlaq bir çıxar (günəş) yaratdıq.
78:14 (Küləklərin sıxdığı) buludlardan şırıl-şırıl tökülən yağmur endirdik ki,
78:15 Onunla dən və bitki yetişdirək,
78:16 Eləcə də (ağacları bir-birinə) sarmaşan bağlar.
78:17 Həqiqətən, (haqla batili) ayırd etmə günü (əzəldən müəyyən edilmiş) bir vaxtdır!
78:18 Sur çalınacağı gün (qəbirlərinizdən çıxıb) dəstə-dəstə (məhşərə) gələcəksiniz.
78:19 (O gün) göy qapı-qapı (mələklərin yerə enməsi üçün göydə yarıqlar) açılacaqdır.
78:20 Dağlar yerindən qopardılıb (havada toz kimi uçaraq) ilğıma dönəcəkdir.
78:21 Həqiqətən, Cəhənnəm (mələklərin hazır durub kafirləri gözlədiyi) pusqudur!
78:22 O, azğınların məskənidir.
78:23 Onlar orada sonsuz müddət qalacaqlar.
78:24 Onlar orada nə bir sərinlik (görəcək), nə də içməyə bir şey tapacaqlar;
78:25 Qaynar sudan və irindən başqa!-
78:26 (Dünyadakı əmələrinə) uyğun cəza olaraq.
78:27 Çünki onlar haqq-hesab çəkiləcəyinə ümid bəsləmirdilər (qiyamət gününə inanmır, onun əzabından qorxmurdular).
78:28 Ayələrimizi də elə hey təkzib edirdilər.
78:29 Biz hər şeyi (bir-bir) sayıb (lövhi-məhfuzda) yazmışıq (və ya: əməl dəftərində yazıb təsbit etmişik).
78:30 İndi (ey kafirlər!) dadın əzabı. Biz sizə əzabdan başqa bir şey artırmayacağıq!
78:31 Həqiqətən, müttəqilərin nicat yeri (Cənnət),
78:32 Bağçalar və üzüm bağları,
78:33 Sinələri yenicə qabarmış (dolmuş, tumurcuqlanmış, gözəllikdə və məlahətdə bir-birinə bənzər) həmyaşıd qızlar.
78:34 (Cənnət şərabı ilə) dolu qədəhlər gözləyir!
78:35 Onlar orada (Cənnətdə) nə boş söz, nə də yalan eşidəcəklər.
78:36 (Bu, müttəqilərə) Rəbbindən olan mükafat, artıqlaması ilə verilən bəxşişdir -
78:37 Göylərin, yerin və onların arasındakıların Rəhman olan Rəbbindən (göndərilən bəxşişdir). Onlar (məxluqat) Onun hüzurunda heç bir söz deməyə qadir olmazlar!
78:38 Ruhun (Cəbrailin) və mələklərin səf-səf duracağı gün Rəhmanın izin verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğrunu deyəcəkdir!
78:39 Bu, haqq olan gündür. Kim dilərsə, (iman gətirib ibadət və itaət etməklə) Rəbbinə tərəf qayıdan bir yol tutar!
78:40 Həqiqətən, Biz sizi yaxın bir əzabla (qiyamət gününün əzabı ilə) qorxutduq. O gün insan öz əlləri ilə etdiyi (yaxşı, pis) əməlləri görəcək, kafir isə: “Kaş (bu əzabı görməmək üçün) torpaq olaydım!” – deyəcəkdir.