`Abasa (عَبَسَ)

Vasim M. and Ziya B. - Vasim M. and Ziya B.

Chapter 80 • 42 verses • Meccan

← Previous Chapter Next Chapter →
80:1 (Peyğəmbər) qaşqabağını töküb üzünü çevirdi.
80:2 Yanına korun (Abdullah ibn Ümmi-Məktumun) gəlməsindən dolayı.
80:3 Nə bilirsən, bəlkə də, o (səndən islama dair soruşub öyrənəcəkləri ilə) təmizlənəcəkdir!
80:4 Yaxud öyüd dinləyəcək və bu öyüd ona fayda verəcəkdir!
80:5 (Var dövlətinə güvənib sənin öyüd-nəsihətinə qulaq asmağa) ehtiyac hiss etməyənə (dövlətliyə) gəldikdə,
80:6 Sən üzünü ona tərəf çevirirsən (onun sözünə qulaq asırsan).
80:7 Onun (küfrdən) təmizlənməsindən sənə nə?!
80:8 Yüyürə-yüyürə sənin yanına gələn
80:9 Və (Allahdan) qorxan kimsəyə gəldikdə isə,
80:10 Sən ondan üz çevirirsən!
80:11 Xeyr! (Belə yaramaz, bir daha belə etmə). Həqiqətən, bu (ayələr) bir öyüd-nəsihətdir.
80:12 Kim istəsə, ondan öyüd alar.
80:13 (Bu Qur’an Allah dərgahında) çox möhtərəm (mö’təbər) səhifələrdə -
80:14 (Qədir-qiyməti) yüksək (şanı uca), tərtəmiz səhifələrdədir (Şeytan onlara toxuna bilməz).
80:15 (O, Allahla peyğəmbərlər arasında olan) elçi mələklərin əlləri ilə (lövhi-məhfuzdan köçürülür, yaxud o, elçi mələklərə e’tibar edilmişdir).
80:16 (O mələklər ki, Allahın yanında) çox möhtərəm, (Allaha) çox müt’idirlər.
80:17 Ölsün (kafir) insan! O nə nankordur!
80:18 (Bu təkəbbür onda hardandır? Allah) onu hansı şeydən yaratdı?
80:19 (Allah onu bir qətrə dəyərsiz) nütfədən yaratdı, ona biçim verdi.
80:20 Sonra onun üçün (ana bətnindən çıxış) yolunu asanlaşdırdı.
80:21 Sonra onu öldürüb qəbrə qoydu.
80:22 Sonra da istədiyi vaxt onu dirildəcəkdir.
80:23 Xeyr, (insan Allahın) ona buyurduğunu hələ yerinə yetirməmişdir.
80:24 İnsan hələ bir yeməyinə baxsın! (Görsün ki, ona necə ruzi verdik).
80:25 Həqiqətən, Biz yağışı bol yağdırdıq.
80:26 Sonra yeri gözəl yaratdıq (yaxşı yardıq),
80:27 Belə ki, orada dən (dənli bitkilər) göyərtdik;
80:28 Üzüm və yonca;
80:29 Zeytun və xurma (bağları);
80:30 (Ağacları bir-birinə) sarmaşan bağçalar;
80:31 (Növbənöv) meyvələr və ot (ələf) yetişdirdik.
80:32 (Bütün bunlar) sizin və heyvanlarınızın istifadəsi üçündür!
80:33 Nəhayət, qulaqları kar edən (o dəhşətli səs) gələndə (İsrafil surunu çalanda);
80:34 O gün insan qaçacaq öz qardaşından;
80:35 Anasından, atasından;
80:36 Zövcəsindən və oğullarından!
80:37 O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır! (Hər kəs öz hayında olacaq, heç kəs heç kəsin halından xəbər tutmayacaqdır).
80:38 O gün bir çox üzlər parlayacaq,
80:39 Güləcək, sevinəcəkdir.
80:40 O gün bir çox üzlərə isə toz-torpaq qonacaq,
80:41 Onları zülmət (yaxud his) bürüyəcəkdir.
80:42 Onlar (pis əməllərə uyan) kafirlər, pozğunlardır!