at-Takwir (التَّكْوِير)

Vasim M. and Ziya B. - Vasim M. and Ziya B.

Chapter 81 • 29 verses • Meccan

← Previous Chapter Next Chapter →
81:1 Günəş (əmmamə kimi) sarınıb büküləcəyi (sönəcəyi) zaman;
81:2 Ulduzlar (göydən qopub yağış dənələri kimi yerə) səpələnəcəyi zaman;
81:3 Dağlar yerindən qopardılacağı (toz kimi havada uçacağı) zaman;
81:4 (Bədəvi ərəblərin çox əziz tutduğu) boğaz dəvələr başlı-başına buraxılacağı zaman;
81:5 Vəhşi heyvanlar (bir-birindən qisas almaq üçün) bir yerə toplanacağı zaman;
81:6 Dənizlər od tutub yanacağı (və ya dolub daşacağı) zaman;
81:7 Ruhlar (bədənlərə) qovuşacağı zaman;
81:8 Diri-diri torpağa gömülən körpə qızdan:
81:9 “Axı o hansı günaha görə öldürüldü?”; soruşulacağı zaman;
81:10 Əməl dəftərləri açılacağı zaman;
81:11 Göy (yerindən) qopardılacağı (və ya büküləcəyi) zaman;
81:12 Cəhənnəm alovlandırılacağı zaman;
81:13 Və Cənnət (mö’minlərə) yaxınlaşdırılacağı zaman;
81:14 Hər kəs (dünyada bugünkü günə özü üçün yaxşı, pis) nə hazır etdiyini biləcəkdir!
81:15 And içirəm (gecə) yanıb (gündüz) sönən ulduzlara;
81:16 (Günəşlə, ayla) seyr edib (onlar batdığı zaman) gizlənən səyyarələrə (Zühələ, Müştəriyə, Mərrixə, Zöhrəyə və Ütaridə);
81:17 Qaralmaqda olan gecəyə (yaxud: qaralmaqda və çəkilməkdə olan gecəyə)
81:18 Və sökülməkdə olan dan yerinə ki,
81:19 Bu (Qur’an Allah dərgahında) çox möhtərəm olan bir elçinin (Cəbrailin) gətirdiyi kəlamdır.
81:20 (Elə bir elçi ki) çox qüvvətlidir; ərşin sahibi (Allah) yanında çox hörmətlidir (izzətlidir).
81:21 (Elə bir elçi ki, mələklər arasında) itaət ediləndir, həm də (Allah yanında vəhyə) e’tibarlı müvəkkildir.
81:22 (Ey Məkkə əhli!) Həqiqətən, sizin dostunuz (müşriklərin dediyi kimi) divanə deyildir!
81:23 And olsun ki, (Peyğəmbər!) onu (Cəbraili) açıq (ən uca) üfüqdə gördü.
81:24 O, qeyb (vəhyi olduğu kimi təbliğ etmək və sizə öyrətmək) barəsində xəsis deyildir.
81:25 O (Qur’an) da məl’un (Allahın rəhmətindən qovulmuş) Şeytanın sözü deyildir.
81:26 Elə isə (siz ondan üz döndərib) hara gedirsiniz?
81:27 O, aləmlər (bütün insanlar və cinlər) üçün ancaq bir öyüd-nəsihətdir.
81:28 Eləcə də sizdən doğru-düz (yolda) olmaq istəyənlər üçün.
81:29 (Onu da bilin ki) aləmlərin Rəbbi olan Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz! (Yalnız Allah istəsə, istəyə bilərsiniz. Siz insanlar həmişə Allahın qüdrəti, hökmü və iradəsi altındasınız. O sizi bir şeyi istəməyincə siz onu özünüzə istəyə bilməzsiniz. Ona görə də hər işdə Allaha təvəkkül edin!)