al-Fajr (الفَجْر)

Vasim M. and Ziya B. - Vasim M. and Ziya B.

Chapter 89 • 30 verses • Meccan

← Previous Chapter Next Chapter →
89:1 And olsun dan yerinə;
89:2 And olsun on gecəyə (zülhiccə ayının birinci, yaxud ramazan ayının sonuncu on gecəsinə);
89:3 And olsun cütə və təkə (tək olan xaliqə, erkək və dişi olmaqla cüt olan məxluqata; cüt olan hər şeyə, yaxud Qurban bayramına və yaxud Ərəfə gününə);
89:4 And olsun keçib getməkdə olan gecəyə (ki, qiyamət haqdır və siz kafirlər qiyamət günü dirilib əməllərinizin cəzasını layiqincə alacaqsınız)!
89:5 Məgər bunlarda (qiyamətin haq olması barədə) ağıl sahibi üçün and yoxmudur?!
89:6 (Ya Peyğəmbər!) məgər görmədinmi ki, Rəbbin nələr etdi Ada (Hud peyğəmbərin Ad qövmünə)?!
89:7 Sütunlar sahibi (və ya: sütun kimi uca boylu) İrəmə (İrəm camaatına)?!
89:8 (Elə bir qövm ki) məmləkətlər (əhli) arasında onun kimisi yaradılmamışdı.
89:9 (Məgər görmədinmi ki, Rəbbin nələr etdi) vadidə qayaları olan Səmuda (Səmud qövmünə)?!
89:10 Eləcə də saysız-hesabsız ordular sahibi Fir’ona?!
89:11 O kəslər ki, məmləkətlərdə tüğyan edir,
89:12 Oralarda çoxlu fitnə-fəsad törədirlər.
89:13 Nəhayət, Rəbbin onlara əzab qamçısı endirdi.
89:14 Şübhəsiz ki, Rəbbin (bəndələrinin bütün əməllərini) baxıb görür.
89:15 İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir ne’mət versə, o: “Rəbbim mənə ehtiram göstərdi!”–deyər.
89:16 Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: “Rəbbim məni alçaltdı (mənə xor baxdı)!” – söyləyər.
89:17 Xeyr! (Belə deməyin). Doğrusu, siz özünüz yetimə hörmət etmirsiniz (yetimin haqqını vermirsiniz).
89:18 Bir-birinizi yoxsulu yedirtməyə rəğbətləndirmirsiniz.
89:19 Mirası (halal-haramına) varmadan yeyirsiniz (qadınların, uşaqların paylarını vermirsiniz).
89:20 Mal-dövləti isə lap çox sevirsiniz.
89:21 Xeyr! Yer dağılıb parça-parça olacağı;
89:22 Rəbbinin əmri gəlib mələklər səf-səf duracağı
89:23 Və Cəhənnəmin (məhşər meydanına) gətiriləcəyi gün – məhz o gün insan (öz günahlarını) xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?!
89:24 O: “Kaş ki, mən əvvəlcədən (axirət) həyatım üçün (yaxşı əməllər) edəydim!” – deyəcəkdir.
89:25 O gün (Allahın) etdiyi əzabı heç kəs edə bilməz!
89:26 (Günahkarları) heç kəs Onun kimi zəncirləyə bilməz!
89:27 (Qiyamət günü Allah-təala mö’min kimsəyə belə buyuracaqdır: ) “Ey (öz imanından, əməlindən və Allahın və’dindən) xatircəm olan kəs! (Və ya: “Ey arxayın nəfs!”)
89:28 Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən!
89:29 (Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol!
89:30 (Onlarla birlikdə) Cənnətimə varid ol!”