al-Balad (البَلَد)

Vasim M. and Ziya B. - Vasim M. and Ziya B.

Chapter 90 • 20 verses • Meccan

← Previous Chapter Next Chapter →
90:1 And içirəm bu şəhərə (Məkkəyə) -
90:2 Sənin yaşadığın (sənə halal olan) şəhərə;
90:3 And içirəm ataya və onun övladına (Adəmə və onun nəslinə, yaxud İbrahimə və oğlu İsmailə) ki,
90:4 Biz insanı məşəqqətdə yaratdıq! (İnsan doğulduğu gündən qəbir evinə gedənə qədər əzab-əziyyət içində çalışıb çabalayır, həyat boyu müxtəlif çətinliklərlə üzləşər. Bu, ilahı bir hikmətdir, həyatın qanunudur!)
90:5 Məgər insan (Vəlid bin əl-Müğirə) heç kəsin ona gücü çatmayacağını zənn edir?
90:6 Və: Mən (Peyğəmbərlə düşmənçilik yolunda) xeyli mal-dövlət sərf etmişəm!” – deyir?
90:7 Məgər o heç kəsin onu görmədiyini güman edir?!
90:8 Məgər Biz ona iki göz vermədikmi?!
90:9 Eləcə də bir dil və qoşa dodaq (vermədikmi)?!
90:10 Biz ona iki yol (xeyir və şər, küfr və iman yollarını) göstərmədikmi?!
90:11 Lakin o, əqəbəni (maneəni) keçə bilmədi (özünə verilən bu qədər ne’mətlərə şükür etmədi).
90:12 (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, əqəbə nədir?!
90:13 (O) bir kölə azad etməkdir;
90:14 Yaxud aclıq günü (zamanı) yemək verməkdir -
90:15 Qohumluq əlaqəsi çatan bir yetimə.
90:16 Və ya (taqətsizlikdən) torpağa sərilmiş bir miskinə!
90:17 Sonra da iman gətirən və bir-birinə səbr tövsiyə edən, mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır!
90:18 Onlar sağ tərəf sahibləridir! (Əməl dəftərləri sağ əllərinə verilənlərdir!)
90:19 Ayələrimzi inkar edənlər isə sol tərəf sahibləridir! (Əməl dəftərləri sol əllərinə verilənlərdir!)
90:20 Onları hər tərəfi qapalı Cəhənnəm gözləyir! (Kafirlər Cəhənnəmdə həmişəlik qalar, oradan heç yerə çıxa bilməzlər!)