al-Ghashiyah (الغَاشِيَة)

Vasim M. and Ziya B. - Vasim M. and Ziya B.

Chapter 88 • 26 verses • Meccan

← Previous Chapter Next Chapter →
88:1 (Ya Peyğəmbər! Dəhşəti aləmi) bürüyəcək qiyamətin xəbəri sənə gəlib çatdımı?
88:2 (O gün) bir çox üzlər zəlil görkəm alacaq;
88:3 (Onlar Cəhənnəmin pillələrinə çıxıb-düşməklə boş yerə) zəhmət çəkib yorulacaq;
88:4 Yanar oda girəcəkdir;
88:5 Və onlara qaynar bulaqdan (su) içirdiləcəkdir.
88:6 Onların yeməyi (zəhərdən və acı) zəri’dən başqa bir şey olmayacaqdır.
88:7 (O yemək onlara) nə qüvvət verər, nə də aclıqdan qurtarar.
88:8 (O gün) bir çox üzlər sevinəcək;
88:9 (Dünyadakı) zəhmətindən razı qalacaq;
88:10 (Dərəcəsi, qədir-qiyməti) yüksək Cənətdə olacaq,
88:11 Və orada heç bir boş söz (lağlağı) eşitməyəcəkdir.
88:12 Orada axar bulaq;
88:13 Orada uca taxtlar;
88:14 (Çeşmələr kənarında) piyalələr;
88:15 Bir-birinin yanına düzülmüş (yumşaq) balışlar
88:16 Və döşənmiş (nəfis) xalılar vardır!
88:17 Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır?
88:18 Göyə (baxmırlar ki) necə ucaldılmışdır?
88:19 Dağlara (baxmırlar ki) necə dikəldilmişdir?
88:20 Və yerə (baxmırlar ki) necə döşədilmişdir?
88:21 (Ya Peyğəmbər! Mənim bəndələrimə) öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət verənsən!
88:22 Sən onların üzərində hakim deyilsən!
88:23 Lakin kim (imandan) üz döndərib (Qur’anı) inkar etsə
88:24 Allah onu ən böyük əzaba (axirət əzabına) düçar edər!
88:25 Şübhəsiz ki, onların axır dönüşü Bizədir!
88:26 Onlarla haqq-hesab çəkmək də Bizə aiddir!