al-Buruj (البُرُوج)

Vasim M. and Ziya B. - Vasim M. and Ziya B.

Chapter 85 • 22 verses • Meccan

← Previous Chapter Next Chapter →
85:1 And olsun bürclər sahibi olan göyə;
85:2 And olsun və’d olunmuş günə (qiyamət gününə);
85:3 And olsun şəhadət verənə və (haqqından) şəhadət verilənə (peyğəmbərlərə və onların ümmətlərinə, yaxud cümə və Ərəfə günlərinə) ki,
85:4 (Nəcrandan İsaya iman gətirmiş kimsələri yandırıb külə döndərən) xəndək sahibləri (lə’nətə düçar olub) qətl edildilər.
85:5 O xəndəklər ki, çırpı ilə alovlandırılmışdı.
85:6 O zaman onlar (xəndəklərin) kənarında oturub,
85:7 (Öz əsgərlərinin) mö’minlərin başlarına gətirdiklərinə (müsibətlərə) tamaşa edirdilər.
85:8 Onlardan (mö’minlərdən) yalnız yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tə’rifə) layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar.
85:9 O Allah ki, göylərin və yerin istiyarı Onun əlindədir. Allah hər şeyə şahiddir!
85:10 Şübhəsiz ki, mö’min kişi və qadınları (dinlərdən döndərmək üçün) bəlaya düçar edən, sonra da tövbə etməyən kimsələri cəhənnəm əzabı və yandırıb-yaxın atəş əzabı gözləyir.
85:11 İman gətirib yaxşı əməllər edən kimsələri isə (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Bu, böyük qurtuluşdur (uğurdur)!
85:12 Həqiqətən, sənin Rəbbinin intiqamı çox şiddətlidir!
85:13 Həqiqətən, (insanı) yoxdan var edən və (öldükdən sonra) təkrar dirildən Odur!
85:14 (Bəndələrini) çox bağışlayan, çox sevən də Odur.
85:15 Ərşin sahibi də, şanlı-şərəfli olan da Odur!
85:16 O, istədiyini edəndir.
85:17 (Ya Peyğəmbər!) Orduların xəbəri gəlib sənə çatdımı?-
85:18 Fir’on və Səmud (ordularının)?
85:19 Xeyr, kafir olanlar (səni və Qur’anı) elə hey təkzib etməkdədirlər.
85:20 Onların bütün ixtiyarı Allahın əlindədir!
85:21 Xeyr, o (şe’r deyil) şanlı-şərəfli Qur’andır!
85:22 O, lövhi-məhfuzdadır! (Qur’an Allah dərgahında qorunur. Ona şeytan əli dəyə bilməz, o heç zaman təhrif olunmaz!)